Ağ Şəhərin landmarkı olan piyada körpüsü layihənin şimal və cənubunu 8 Noyabr prospekti üzərindən birləşdirəcək və layihənin möhtəşəmliyi piyada körpüsünü Bakının yeni nişanlarından birinə çevrilməsini vəd edir.

Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda ictimai mərkəzin 3-ü mərtəbəsinə, şimalda eyni zamanda Fəvvarələr Meydanı parkına, 1-ci Yaşıl Ada küçəsinə, alt qatı isə 8 Noyabr prospektində yerləşən Zaman meydanına çıxması nəzərdə tutulmuşdur. Piyadalar həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə rahat gediş-gəliş əldə edəcəklər.

Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Evrascon şirkəti tərəfindən inşa edilir. Körpünün layihələndirməsində yerli mühəndislərlə bərabər Almaniyanın Werner Sobek şirkəti, memarlıq həlləri dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın UNStudio şirkəti tərəfindən işlənilmişdir. UNStudio şirkəti Bakı Ağ Şəhər layihəsi çərçivəsində investorların sifarişi ilə 8 Noyabr prospektinə çıxan qoşa binaların və bank binasının layihəsini işləmişdir. Bu şirkət memarlıq, infrastruktura və şəhərsalma sahəsində ABŞ, Niderland, Avstriya, Tayvan, Sinqapur, Çin və digər ölkələrdə məşhur layihələrin müəllifidir. Körpünün layihələndirilməsinin ilkin mərhələsində Londonda Millennium körpüsü, Strasburqda Kehl körpüsü, Kaliforniyada Sundial körpüsü kimi dünyanın ən heyranedici piyada körpülərinin tərtibat və tikintisi araşdırılmışdır.

Piyada körpüsünün altında yerləşən Zaman Meydanında beynəlxalq sənətkar Konstantin Grcic tərəfindən xüsusi olaraq Bakı Ağ Şəhər layihəsi üçün hazırlanmış özəl dizaynlı İsveçrənin MobaTime şirkətinin istehsalı olan 7 ədəd saatdan ibarət SEVEN PUBLIC CLOCK kompozisiyası nəzərdə tutulmuşdur.

Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, küçə mebeli, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edəcəkdir. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərinin sevimli məkanına çevirəcəkdir.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihələrindəndir. Layihə üzərində yerli mütəxəssislərlə yanaşı “ATKİNS“ (Böyük Britaniya), “Fosters + Partners” memarlıq şirkəti və “F+A Architects” (ABŞ) arxitektura bürosu işləmişdir. Bakı Ağ Şəhər layihəsi müxtəlif beynəlxalq və yerli mükafatlara, o cümlədən Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif  mükafatlara layiq görülüb.

Qalereya