İnşasına 2020-ci ildə başlanmış Bakı Ağ Şəhər Ofis Binasının Carbon Risk Real Estate Monitor (CRREM) sistemi üzrə daşınmaz əmlakın karbon risklərinin dəyərləndirilmə işləri keçirilir. Ekolojı davamlılıq prinsiplərinə uyğun olaraq bu haqda dəyərləndirmə işləri Almaniyanın TÜV SÜD təşkilatı tərəfindən aparılır.

İlkin nəticələrə əsasən biznes mərkəzi 2030-cu ilə kimi olan iqlim proqnozlarına görə CRREM tələblərinə tam uyğundur. 2030-cu ildən sonra hava iqliminin 1.5 dərəcə artmasını nəzərə alaraq biznes mərkəzinin CRREM tələblərinə uyğunluğunu təmin etmək üçün binanın damında günəş panelləri quraşdırılacaq.

Ağ Şəhərdə ətraf mühitin qorunması siyasətininin davamı olaraq ofis binasının  BREEAM beynəlxalq ekoloji sertifikatlaşma təşkilatı tərəfindən dəyərləndirilməsi işləri başa çatmışdır. İlk BREEAM sertifikatlaşmanı 2014-cü ildə istismara təhvil verilmiş Ağ Şəhər Ofis Binası keçmişdir.

Məxsusi görünüşə malik olan bina Callison RTKL qlobal memarlıq planlaşdırma və dizayn firması və URAL Engineering Co Ltd mühəndislik şirkəti tərəfindən layihələndirilmişdir.

A sinfinə aid Biznes mərkəzində 150 ofisin yerləşməsi planlaşdırılır. 3 m hündürlüyü olan ofislər fərdi soyutma, təbii havalandırma, ümumi istilik sitemi, eyvanlar, 386 yeraltı və 62 yerüstü parkinq yerləri, elektrik avtomobillər üçün yerlər, ödənişsiz veloparkinqlər və digər bu kimi üstünlüklər ilə iş adamlarının xidmətində olacaq.

Biznes mərkəzində quraşdırılan sürəti 2.5 m/san., qaldırma qabiliyyəti 1600 kq olan 10 ədəd 21 nəfərlik lift işçilərin rahat iş yerlərinə çatmasına imkan verəcəkdir.

Mərkəzi Bulvar küçəsində yerləşən biznes mərkəzi şimalda Babək prospekti və Qarabağ Atları Meydanından başlayan, Fəvvarələr Meydanı və 8 Noyabr prospekti üzərindən keçən əlamətdar piyada körpüsü üzərindən Ağ Şəhər bulvarınadək piyadalar üçün nəzərdə tutulmuş 2 kilometrlik maneəsiz gəzinti xiyabanı üzərində yerləşir.

Binanın şımalında hündür binaların əhatəsində bağ layihələndirilib.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.

Qalereya