Media

Prezident İlham Əliyev: "Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib. Görüş zamanı dövlət başçısı bildirib: "Bakı çar Rusiyası dövründə və sovet dövründə sənaye şəhəri kimi formalaşıb. Təbii ki, sənayenin genişmiqyaslı inkişafı şəhərimizin ekoloji vəziyyətinə çox mənfi təsir göstərmişdir. Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakıda geniş yenidənqurma və abadlıq işlərinə start verildi.”

Prezident İlham Əliyev yenidənqurma işləri çərçivəsində Bakı Ağ Şəhər layihəsini də qeyd edib. “Mən digər sahələri də sadalaya bilərəm, onlardan biri də Qara şəhərdir. İndi bəzilərinin yadından çıxır ki, biz maşınla o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir.” – deyə, ölkə başçısı qeyd edib.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.