Media

Ağ Şəhər layihəsinin Bakı şəhərinin Baş Planı kontekstində inkişafı müzakirə edildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”-na əsasən həyata keçirilən Bakı Ağ Şəhər layihəsinin yol şəbəkəsinin və infrastruktur Bakı şəhərinin Baş Planı kontekstində inkişafı müzakirə edildi. İclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müşavirləri Aydın Kərimov və Rüfət Mahmud, Komitə tərəfindən keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin layihə rəhbəri Frank Höf, və layihə rəhbərinin müavini Stefani Vladika, Ernst and Young audit şirkətinin, eləcə də Bakı Ağ Şəhər layihəsinin nümayəndələri iştirak ediblər.

“AS+P” şəhərsalma şirkətinin nümayəndəsi – layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prosesində prioritet istiqamətlərdən olan mühəndis kommunikasiyaları infrastrukturunun formalaşdırılması, dayanıqlı ekologiyanın yaradılması və mədəni irsin qorunmasını qeyd edib. Bakı Ağ Şəhər layihəsinin Baş Planı, paytaxtın yol şəbəkəsi və mühüm infrastruktur məsələləri, tikinti sıxlığı və mərtəbəliliyi, məktəblər və digər sosial obyektlərin salınması kimi məsələlər müzakirə edilib.

İclas zamanı ekoloji şəhərsalma layihəsi olan Bakı Ağ Şəhərin ekoloji davamlılığı, memarlıq rəngarəngliyi və ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası qeyd edilib və bildirilib ki, Ağ Şəhər layihəsinin inkişafı Bakının Baş Planında uğurlu şəhərsalma nümunəsidir.