Media

Beynəlxalq Memarlar Forumunun iştirakçıları Bakı Ağ Şəhəri ziyarət etdilər

Beynəlxalq Memarlar İttifaqının (BMİ) və Azərbaycan Memarlar İttifaqının (AMİ) təşkilatçılığı ilə 7-9 iyun 2019-cu il tarixlərində Bakıda, Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq "Tarixi şəhərlərdə kütləvi turizm" adlı Beynəlxalq Memarlıq Forumu keçirildi. Forumun əsas məqsədləri turizmin inkişafı və mədəni irsin qorunması üçün dövlət siyasətlərini təhlil edilməsi, həmçinin YUNESKO-nun Dünya İrsinin statusu üçün müasir memarlıq siyahısını hazırlanması idi.

Memarlıq Forumunun açılışında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Sonra Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə və UNESCO-nun Dünya Mirasları Mərkəzinin direktoru xanım Mextild Rössler nitq söyləyib. Tədbir zamanı ABŞ, Yunanıstan, İspaniya, İtaliya, Cənubi Koreya, Misir, Avstraliya və Azərbaycandan görkəmli memarlar çıxış etmişlər. 4 gün davam edən Forum qonaqlarının Bakı şəhərinə turu çərçivəsində Ağ Şəhər ərazisilə tanışlıq təşkil olunmuşdur.

Qonaqlar Bakı Ağ Şəhərin təqdimat zalında layihənin konsepsiyası ilə tanış olub. Burada onlara Ağ Şəhər layihəsini ərsəyə gətirən memarlıq bürolarının layihələndirmə prosesində böyük şəhərlərin nəqliyyat, infrastruktur, tikinti göstəricilərinin təhlili barədə məlumat verilib. Qonaqlara ərazinin tarixi olan Qara şəhərin neft tullantıları ilə çirklənmiş sahələrini əks etdirən plakatlar təqdim edilib.

Ağ Şəhər ərazisində gəzinti zamanı Forum iştirakçıları son zamanlar turistlərin istirahət üçün seçdikləri Ağ Şəhər bulvarı və parkları, təhvil verilmiş kvartalları ilə tanış oldular.