Media

Ağ Şəhərin qərbində yerləşən 28 ha kvartalının şəhərsalma layihələndirilməsi başa çatmışdır

Bakı Ağ Şəhər layihəsinin qərbində yerləşən Nobel prospekti, N. Rəfiyev küç., Babək prospekti və X. Rüstəmov küçəsini əhatə edən ərazinin infrastruktur çatışmazlığı, hündürlük səviyyəsinin kəskin dəyişməsi, dalanlar, parkinq siyasətinin olmaması, ətrafın düzənsizliyi buranı təcrid olunmuş sahəyə çevirmişdir.

Bakı şəhər İcra Hakimiyyətinin 10 yanvar 2018-ci il tarixli 8 saylı sərəncamı çərçivəsində 2018-ci ildə 28 ha sahəsi olan bu ərazinin Ağ Şəhərin Baş Planına uyğun olaraq layihələndirilməsi qərarı verilmişdir. Layihələndirmə çərçivəsində xaotik tikintili və infrastrukturu olmayan yeni ərazinin texniki inventarlaşdırılması aparılmış, inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastrukturu Ağ Şəhər Baş Planına əsasən şəhərsalma layihələndirilməsi hazırlanıb başa çatmışdır.

Ərazi daxilində layihələndirilən yeni yol şəbəkəsinin Babək və Nobel prospektlərinə rahat çıxışı, yolayrıcları və piyada keçidləri modelləşdirilmişdir. Kvartalın tikintialtı sahələrə və landşaft zonalarına bölgüsü aparılmış, sahələrin təyinatı, tikinti sıxlığı, hündürlük siyasəti müəyyənləşdirilmiş, və müvafiq razılaşmalar üçün Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir.