Media

Babək prospektinin yenidənqurması Ağ Şəhərin şimal girişlərini təmin edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Babək prospektinin yenidənqurması bu ərazilərdə nəqliyyat sıxlığının qarşısını alaraq vətəndaşların rahat hərəkətini təmin edəcək, eləcə də Bakı Ağ Şəhərə şimaldan keçidi asanlaşdıracaq. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi üzrə aidiyyəti qurumlarla birgə aparılır və prospekt boyunca müxtəlif su və kanalizasiya xətləri yeniləri ilə əvəzlənir, orta və yüksək təzyiqli qaz xətləri çəkilir, yeni yağış suları ötürücüləri quraşdırılır. Burada köhnə geridönmələr ləğv edilirək, yeni və daha təhlükəsizləri ilə əvəz edilir.

Aparılan işlər çərçivəsində Ağ Şəhər layihəsindən keçən Süleyman Vəzirov küçəsinin Babək prospektinə qədər yenidən qurulması planlaşdırılıb. Layihənin şimal-şərqində Babək prospektinin S. Vəzirov küçəsi ilə kəsişməsində nizamlanan yol ayırıcısı nəzərdə tutulub. Küçə Ağ Şəhərin şimalında layihələndirilmiş yaşayış və kommersiya binalarından ibarət Babək prospekti kvartalına aparır. Bu kvartal ərazidə artıq formalaşmış ticarət məkanlarına daha geniş imkanlar yaradacaq.

Babək prospektinin rekonstruksiyası Ağ Şəhərin daha bir kvartalına – Mərkəzi Park rayonuna keçidi asanlaşdıracaq. Belə ki, prospektdən kvartala qədər yeni Mərkəzi Şərq küçəsi layihələndirilib. Babək kvartalından Mərkəzi Park rayonuna qədər uzanan küçənin eni 35 metr, uzunluğu 470 metrdir. Küçədə sakinlərin vaxtlarının dolğun keçirmələri üçün kvartalın qəlbinə çevriləcək meydan salınacaq. Ağ Şəhər-in yüksəklik  hissəsində yerləşən Mərkəzi Park rayonu, Bakı buxtasına panoram görünüşü olan müxtəlif hündürlüklü binalardan ibarət olacaq.

Layihənin şərqini əhatə edən 900 metr uzunluğu olan 6-cı Park küçəsi də Babək prospektindən başlayaraq, xidməti obyektlərə keçidi təmin edir. 

Bakı şəhərinin nəqliyyat sistemində strateji yollardan sayılan Babək prospektinin yenidənqurması Ağ Şəhərin şimal girişlərini açaraq, ərazinin baş plana uyğun inkişafını təmin edəcək.

Burada Bakı Metropoliteninin İnkişaf planına əsasən Bənövşəyi xətlə Mavi xəttin kəsişməsindəki metro stansiyası ətrafında ictimai nəqliyyat xabı üçün də ərazi nəzərdə tutulmuşdur.