Media

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi üzrə yolun yenidən qurulması aparılır.

"Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Xaqani Rüstəmov küçəsi üzrə yolun yenidən qurulması aparılır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi layihənin yaydığı məlumatda deyilir.

Eni 45 metr, geniş səkiləri və ümumi uzunluğu 1,7 kilometr olan yeni altızolaqlı yol şimaldan cənuba Bakının əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək və yeni bulvar xəttinədək uzanacaq.

Xaqani Rüstəmov küçəsi qərbdən paytaxtın "Yaşıl ada" adlanan müasir mərkəzi ərazisini əhatə edir. Hazırda həmin ərazidə fransız üslubunda dörd kompleksin tikintisi aparılır, həmçinin "Baku White City - Office Building" layihəsinin rəmzi binalarından birinin ucaldılması davam edir. Layihə "Bakı Ağ Şəhər"in qapıları olmaqla layihənin ərazisinə giriş qismində iki hektar ərazidə yerləşəcək.

Bu küçənin abadlaşdırılması ərazinin ilk sakinlərinin rahat yaşamasına yardım edəcək, həmçinin onların "Bakı Ağ Şəhər"in daxilində və xaricində ayrı-ayrı obyektlərə asan çıxışını təmin edəcək.

Yol-nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, "“Bakıelektrikişəbəkə”", "Azəriqaz", "Azərsu" kimi müvafiq dövlət təşkilatlarının cəlb edilməsi ilə yeni kommunikasiya sistemlərinin qurulması üzrə işlər aparılır. Fasiləsiz su təchizatını təmin etmək üçün yeni magistral su və kanalizasiya xətləri, məhəllədaxili qaz kəmərlərinin çəkilməsi planlaşdırılır.

Rabitə Nazirliyi və yerli bazarın lideri "Delta Telekom" ilə birgə layihələrin həyata keçirilməsi sayəsində burada yaşayan və işləyənlərə ən müasir telekommunikasiya xidmətlərinin bütün spektri (TV, telefon, internet) təqdim ediləcək. Qeyd etmək lazımdır ki, optik-lif kanal şəbəkəsinin inkişaf sistemi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Sistemi və Daxili İşlər Nazirliyinin "Təhlükəsiz Şəhər" sisteminin tələbləri nəzərə alınmaqla aparılır.