Media

Şenyanq Yuanda Enterprays Qrup şirkətinin nümayəndə heyəti Bakı Ağ Şəhər-i ziyarət etdi

Azərbaycana səfərdə olan Çinin Şenyanq Yuanda Enterprays Qrup şirkətinin direktorunun başçılıq etdiyi nümayəndə heyəti Bakı Ağ Şəhər layihəsi ilə tanış oldu.

Şenyanq Yuanda Enterprays Qrup Çində təsis edilmiş əsasən külək enerjisinin və ekoloji avadanlıqların istehsalı ilə məşğul olan 9 il ərazində satış üzrə birinci yer tutmuş iri beynəlxalq sənaye müəssisədir.

Şirkətin direktoru Corc Tsonqa layihə ilə ətraflı tanış oldu. Bildirildi ki, burada şəhərsalma işləri Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” çərçivəsində həyata keçirilir. Keçmişdə “Qara şəhər” kimi tanınan bu ərazidə yeni inkişaf layihəsinə uyğun olaraq beynəlxalq səviyyədə ən müasir və böyük yaşayış mərkəzi yaradılır, inzibati və kommersiya obyektləri, istirahət və turizm mərkəzləri tikilir, dənizkənarı bulvarın davamı salınır.

Ağ Şəhər layihəsi nümayəndə heyətində böyük maraq doğurdu. Şirkətin direktoru cənab Tsonq layihənin icrası və mütəxəssisləri ilə maraqlandı, gələcəkdə əməkdaşlıq imkanlarını müzakirə etdi.