Media

İlham Əliyevin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas çərçivəsində Ağ Şəhər haqda danışıb

Prezident İlham Əliyev 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas çərçivəsində Azərbaycanda ekoloji durum və Bakı Ağ Şəhər layihəsi haqda danışıb:

"...ekologiya məsələlərinin həllinə daim diqqət göstərilməlidir. Çünki bu, həyatdır, bizim həyatımızdır, uşaqlarımızın həyatıdır, xalqımızın gələcəyidir. Biz təbiəti qorumalıyıq və çalışmalıyıq ki, vaxtilə çirklənmiş ərazilərin hamısını təmizləyək.

Mən burada “Ağ Şəhər” layihəsini də qeyd edə bilərəm. “Ağ Şəhər” Qara şəhərin ərazisində yaradılır. Burada da çox böyük rəmzi məna var. Vaxtilə xaricdən gəlmiş iş adamları Azərbaycanda neft sənayesində işləmişlər, böyük qazanc, milyardlarla vəsait əldə etmişlər. Ancaq bizim üçün nə qoyub getmişlər? Qara şəhəri qoyub getmişlər. Bu ekoloji fəlakəti qoyub getmişlər. O xarici neft baronlarının qazandıqları pulların hansı hissəsi ekoloji məsələlərə xərclənib? Oraya heç bir vəsait qoyulmamışdır. Sadəcə olaraq qazanc dalınca Azərbaycana gəlmişlər, böyük pullar əldə etmişlər. Ancaq bizə nə qoyub getmişlər? Qara şəhəri.

İndi biz - müstəqil Azərbaycan bu ekoloji fəlakəti aradan götürürük. Bu da rəmzi xarakter daşıyır ki, Qara şəhər əvəzinə “Ağ Şəhər” olacaq. “Ağ Şəhər” nəinki Cənubi Qafqazda, yaxud da, bu böyük regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcəkdir. Artıq “Ağ Şəhər”in konturları görünür.

Bax, biz bu yolla başqa layihələri də icra etməliyik. Biz buraya da iş adamlarını cəlb etməliyik. Bilirəm ki, indi Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür. Orada da bu işləri çox düzgün şəkildə təşkil etmək olar. Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyir şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər.

Biz bunu Bakıda etmişik. Vaxtilə yararsız vəziyyətdə olan sənaye sahələrində görün nələr yaratmışıq. Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tikilibdir. O da bir ekoloji fəlakət idi. Mən oraya gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indi bəziləri hətta unudub ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun “Koroğlu” stansiyası ilə üzbəüz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya şəhərciyi yaradılıb. Yəni, biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik.

İndi “Ağ Şəhər” bulvarı tikilir. Yəqin ki, bir neçə aydan sonra artıq ictimaiyyət üçün açıq olacaq. Beləliklə, Bibiheybət istiqamətindən, – Bayraq Meydanından o tərəfə də işlər davam etdirilir, - idman şəhərciyindən ta “Ağ Şəhər”ə, neftayırma zavoduna qədər təqribən 16 kilometr uzunluğunda gözəl bir gəzinti zolağı – bulvar olacaqdır.

Çıxışımın sonunda birinci Avropa Oyunlarına hazırlıqla bağlı bir-iki kəlmə demək istəyirəm. İşlər qrafik üzrə gedir. Bütün idman obyektləri təmir olunur, tikilir. Əlbəttə ki, burada nəqliyyat məsələlərinə çox böyük diqqət göstərilir. Bu işlər də uğurla gedir. Təhlükəsizlik məsələləri diqqət mərkəzindədir. Biz birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. Əminəm ki, belə də olacaq.

Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. İndi Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar keçirilir. Bu, təsadüfi deyil. Bu, ölkəmizin inamlı inkişafının təzahürüdür. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi böyük uğurla keçirilmişdir. İndiyə qədər xatırlayırlar ki, Bakıda bəlkə də ən gözəl yarışma keçirilmişdir. Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə “Formula 1” yarışı keçiriləcəkdir. Bu da dünya miqyasında, hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa çempionatı keçiriləcəkdir - həm qrup, həm də dörddəbir final yarışları. Cəmi dörd şəhərdə dörddəbir final yarışı keçiriləcək - Bakı, Roma, Münxen, Sankt-Peterburq. Budur, Bakının səviyyəsi və budur, bizim gördüyümüz işlərin nəticəsi.

Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr uğurla icra ediləcək. 2014-cü ili uğurla başa vuracağıq, 2015-ci ili də uğurla başlayacağıq. Sağ olun."

http://www.president.az/articles/13052