Media

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana rəsmi səfəri. "Bakı Ağ Şəhər" layihəsi ilə tanışlıq

Bakı, 12 sentyabr (AzərTAc). Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 12-də “Bakı Ağ şəhər” layihəsi ilə tanış olub.
Baş nazir İrakli Qaribaşviliyə “Bakı Ağ şəhər” layihəsi haqqında ətraflı məlumat verildi. Layihənin İnkişaf Departamentinin rəhbəri Fuad Verdiyev bildirdi ki, burada şəhərsalma işləri Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” çərçivəsində həyata keçirilir. “Bakı Ağ şəhər”in təməl daşı 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Diqqətə çatdırıldı ki, Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən, vaxtilə “Qara şəhər” kimi tanınan bu ərazidə yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirən bulvar salınacaq. Eyni zamanda, layihə çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, neft və neft tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi və geniş abadlıq işləri nəzərdə tutulub.
“Bakı Ağ şəhər”də 9,2 hektar ərazidə yaradılacaq mərkəzi biznes rayonunda ümumilikdə 390 min kvadratmetr tikinti işləri aparılacaq. Bunun 237 min 900 kvadratmetri yaşayış, 85 min 800 kvadratmetri ofis, 66 min 300 kvadratmetri isə ticarət sahəsi kimi nəzərdə tutulur.
Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak edirlər. Bildirildi ki, layihə “MİPİM Asia Awards 2011” müsabiqəsinin “Mərkəzi və Qərbi Asiyada gələcəyin ən yaxşı layihəsi” nominasiyasının qalibi olub, habelə “Cityspace Global 2011” sərgisində “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyasında mükafat alıb.
“Bakı Ağ şəhər” layihəsi Gürcüstanın Baş nazirində böyük maraq doğurub.

 

http://azertag.az/xeber/794673