Media

Füsunkar Park rayonunda tikinti işləri davam edir

Bakı Ağ Şəhər layihəsi çərçivəsində salınan Park rayonunda 20 mərtəbəli müasir üslublu binalar üstünlük təşkil edəcək.

Ümumi sahəsi 24 hektar olan Park rayonunun arxitektura konsepsiyası Böyük Britaniyanın tanınmış “ATKİNS” şirkəti tərəfindən yerli mütəxəssislərlə birgə layihələndirilib. Rayonda 20 mərtəbəli 11 bina və 7-8 mərtəbəli 8 bina tikiləcəkdir.

Tikinti işləri 311 min kvadratmetr sahədə aparılacaq. Hündür binaların podiumları kommersiya sahələri kimi istifadəyə veriləcək. Bakı Ağ Şəhər-in baş planına əsasən, hər mənzilə bir avtoparkinq yeri planlaşdırılıb.

Binaların fasadları üçün nəzərdə tutulmuş keramik üzlük davamlı və etibarlı fasad sistemini təmin edəcəkdir. Tikintidə divarların örtülməsi məqsədilə enerji qoruyan və istilik izolyasiyalı materiallardan istifadə olunur. Fasad və dam örtüyü üçün materialın seçilməsi baş plana uyğun olaraq texniki şərtlərlə nizamlanır. Fasadların ilkin formasının qorunması məqsədilə kondisionerlər üçün xüsusi yerlər nəzərdə tutulmuşdur.  Tikintidə yerli, eləcə də xarici materiallardan istifadə olunur.

Ərazidə müasir infrastruktur yaradılır, geniş yaşıllıq və abadlıq işləri görülür. Rayonun yaxınlığında yerləşən geniş Nizami parkının bərpası planlaşdırılır.          

Hündürmərtəbəli binalar dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşəcək ki, bununla da Nizami Parkına, Sahilyanı rayona və Bayraq Meydanına gözəl mənzərə açılacaq.