Media

Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Ağ Şəhər layihəsi çərçivəsində Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Ağ Şəhər layihəsi çərçivəsində Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar.

Azərbaycan Prezidenti İlham Əliyev Fransa dövlətinin başçısı Fransua Ollandı qarşıladı.
Dövlət başçılarına liseydə görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, liseyin 320 yerlik binasının tikintisi üzrə işlərin mühüm hissəsi artıq başa çatmışdır və qalan işlərin də bu ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulur. Liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” imzalanan sazişə əsasən qoyulmuşdur. Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaqdır.
Qeyd edildi ki, fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaqdır. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaqdır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaqdır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.
Fransa Prezidentinin diqqətinə çatdırıldı ki, bu təhsil ocağı Bakının “Ağ Şəhər” adlanan ərazisində inşa olunur. Dünyada şəhərsalma sahəsində həyata keçirilən ən iri və nadir layihələrdən olan “Bakı Ağ Şəhər” layihəsinin maraqlı tərəflərindən biri də burada Paris məhəlləsinin salınmasıdır.
Sonra dövlət başçıları mərasim iştirakçıları ilə görüşdülər.
Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland mərasimdə çıxış etdilər.

http://www.azertag.com/node/1226453