Media

Monako Knyazı II Albert Bakı Ağ Şəhər layihəsini ziyarət edib

Fevralın 19-da Monako Knyazı II Albert Bakı Ağ Şəhər layihəsini ziyarət etmişdir və hökumətin yaratdığı investisiya mühiti ilə tanış olmuşdur.

Layihənin baş direktoru Ruslan Sadıqov yüksək qonağa layihə çərçivəsində görülmüş və görüləcək işlər barədə məlumat vermişdir. Sahə yüz ildən çox müddətdə neft sənayesi tərəfindən neft məhsullarının saxlanılması və emalı üçün istifadə edilmişdir, və nəticədə Bakı buxtasının ən çirkli ərazisinə çevrilmişdir. Burada insan amilinin vacib rolunu nəzərə alaraq, təmizlik işləri aparıldı. Bir neçə metr dərinlikdən neft tullantıları çıxarıldı, ekoloji tədbirlər görüldü. Baki Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.

Həmçinin Knyaz II Albert  yol inkişaf şəbəkəsi, kommunal infrastruktur, telekommunikasiya şəbəkəsi və dövlət tərəfindən yaradılan layihəyə əlverişli investisiya imkanı haqqında məlumat verildi. İnvestisiyaların həcmindən asılı olmayaraq, layihə “bir pəncərə” prinsipi ilə işləyərək, obyektin tikintisinin əvvəlindən sonuna kimi Bakı Ağ Şəhər layihəsinin sərmayəçi və inşaatçılarına hüquqi və təşkilatı dəstək göstərilməsini nəzərdə tutur.

Görüş zamanı ərazidə planlaşdırılmış rayonlar, Fransız məktəbi, kommersiya sahələri, parklar, əyləncə və idman obyektləri barədə məlumat verildi. Qeyd edildi ki, layihənin ayrı-ayrı binaları Avropa və Asiyanın beynəlxalq sərgilərində mükafatlara namizəd göstərilmişdir. Layihənin özü isə MIPIM Asia Awards 2011 müsabiqəsinin “Mərkəzi və Qərbi Asiyada Gələcəyin ən yaxşı layihəsi” nominasiyasının qalibi olmuş, habelə Cityscape Global 2011 sərgisində “Ən Yaxşı Şəhərsalma Layihəsi” nominasiyasında mükafat almışdır.

Bakı Ağ Şəhər layihəsi Monako Knyazında böyük maraq doğurmuşdur. Sonda qonağa “Azərbaycan xalçaları” kitabı hədiyyə olunmuşdur.