Media

Bakı Ağ Şəhər - 2 il sonra...

24 dekabr 2011-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dünyanın ən möhtəşəm şəhərsalma layihələrindən biri olan Bakı Ağ Şəhərin təməlinin qoyulduğu gündən 2 il keçib. 

Bu gün biz beynəlxalq arenada geniş təbliğ edilən, peşəkarlar tərəfindən geniş miqyaslı şəhərsalma layihəsi kimi etiraf olunan, çoxsaylı beynəlxalq müsabiqələrin qalibi olan, o cümlədən “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyası üzrə mükafat alan, “Cityscape Global” sərgisində “Ən yaxşı şəhərsalma layihəsi” seçilən bu məşhur layihənin həyata keçdiyinin şahidi oluruq. 

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”na əsasən həyata keçirilir, köhnə neft, maşınqayırma və digər sənaye müəssisələrinin götürülməsini, son 100 ildən çox bir müddət ərzində neft sənayesində mühüm rol oynamış, “qara qızılın” emalı, saxlanması və daşınmasında istifadə olunmuş çirkli torpaqların təmizlənməsini nəzərdə tutur.

Hazırda təmizlənmə işləri Ekol Engineering şirkəti tərəfindən tam sürətlə həyata keçirilir. Yaşıl Ada ərazisində torpaq tam olaraq təmizlənib və işlər layihənin şimal və qərb ərazilərində həyata keçirilir. Bakı Ağ Şəhərin ən böyük layihəsi – ticarət və əyləncə kompleksinin tikintisinin başlanması üçün təmizlik işləri başlayıb. Ora ən çox çirklənmiş ərazidir. 

Yaşıl Ada ərazisi tamamilə abadlaşır. Fransız üslubunda bəzi yaşayış komplekslərinin inşası sona çatmaq üzrədir və yaxın zamanlarda ilk sakinlərini qəbul etməyə hazır olacaq. 

Bakı Ağ Şəhərin Nobel prospektində yerləşən ofis binasının tikintisi də sona çatdırılır. Həmin bina hələ layihə mərhələsində beynəlxalq aləmdə memarlar arasında yaxşı tanınırdı və müxtəlif beynəlxalq sərgilərdə “Gələcəyin ən yaxşı layihəsi” nominasiyası üzrə irəli sürülürdü. Bakı Ağ Şəhərin ofis binası bu il nüfuzlu “Asia Pacific Property Awards 2013 – 2014” beynəlxalq sərgisində iki - Ofis binası və Ofis memarlığı kateqoriyaları üzrə mükafatlar qazanıb. Bakı Ağ Şəhərin təməl daşı da bu ofis binasının qarşısındakı meydandadır. 

Ümumi sahəsi 24 hektar olan park ərazisi də istifadə olunur. Buradakı binaların orta hündürlüyü 20 mərtəbəli olacaq. Dəniz səviyyəsindən 25 metr yüksəklikdə olduğuna görə, ərazidəki bütün yaşayış binalarından Dənizkənarı bulvara və Bayraq Meydanına gözəl mənzərə açılır. 

Layihənin şimal hissəsində də işlərə start verilib. Babək prospektinə yaxın ərazidə ümumi ərazisi 18 min kv.km olan çoxfunksiyalı bina tikilir. Bu bina Bakı Ağ Şəhərə Babək prospekti tərəfdən giriş sayılır. 

Dənizkənarı ərazinin də istifadəsinə başlanılıb. Burada komfortlu yaşayış kompleksləri, otellər və ticarət-əyləncə mərkəzləri olacaq. Burada bünövrəsi Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan fransuz liseyinin inşası davam edir. 4-ulduzlu otelin və ofis mərkəzinin də inşasına başlanılıb. 

Müxtəlif binaların layihələnməsi üçün yerli mütəxəssislərlə yanaşı, Atkins, UN Studio, Structural Engineering Co. Ltd, WSP, Erginolgu & Calishlar və GMG IN/EX kimi şirkətlər də cəlb olunur. UN Studio şirkətinin mütəxəssisləri Nobel prospektində yerləşəcək ticarət-ofis binasının və Fəvvarələr meydanındakı ofis binasının layihələnməsi ilə məşğuldurlar. 

25 may 2013-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ağ Şəhər bulvarının bünövrəsini qoyub. Bu, Bakı bulvarını tək ən gözəllərdən biri deyil, eyni zamanda dünyanın ən uzun bulvarlarından biri edəcək. 

Dənizkənarı bulvarın uzadılması ilə yanaşı, Nobel prospektinin xarici görkəmi də dəyişdirilir. Nobel prospektində 4 tərəfdən çıxışı olan yeni metro stansiyası tikilir. O, həmçinin Fəvvarələr meydanını layihənin dənizkənarı hissəsi - Ticarət-əyləncə Mərkəzi və yeni bulvarı birləşdirmək üçün yeraltı piyada keçidi funksiyasını da yerinə yetirəcək. Nobel prospektində metronun yaşıl zolağının davamı olacaq daha bir stansiyanın inşası davam etdirilir. 

Yol-nəqliyyat infrastrukturunun Strateji inkişaf planına uyğun olaraq "Koroğlu" metrostansiyası tərəfdən H.Əliyev prospektini Babək və Nobel prospektləri ilə, gələcəkdə isə Neftçilər prospekti ilə birləşdirəcək yolun inşası nəzərdə tutulub. 

Bununla yanaşı, piyadaların təhlükəsiz və rahat hərəkəti üçün 5 yeni yeraltı piyada keçidinin inşası həyata keçirilir. Onlardan 2-si Xəqani Rüstəmov küçəsində, 3-ü isə Neftçilər prospektində yerləşir. 

Dünyanın ən qədim neft sənayesi mərkəzi olan Bakı qısa zaman ərzində ən böyük şəhərlərdən birinə çevrilib və təkrarolunmaz görkəm alıb. Azərbaycanın iqtisadi inkişafı fonunda paytaxt gün-gündən yaşamaq və işləmək üçün arzuolunan şəhərə çevrilməkdədir. Bu layihənin həyata keçirilməsi ilə Qara şəhərin sənaye görkəmi keçmişə gedir, yerini paytaxtın yeni mərkəzinə çevriləcək Bakı Ağ şəhərin komfort və harmoniyasına verir.