Media

Bakı Ağ Şəhər layihəsinin icrasının gedişində Nobel Prospekti öz simasını dəyişir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın ən möhtəşəm şəhərsalma layihələrindən biri olan Bakı Ağ Şəhər layihəsinin təməl daşını qoyduğu gündən bir ildən bir az çox vaxt keçmişdir, biz isə artıq layihənin yeni bulvarının təməlinin qoyulmasının şahidi olduq.

2013-cü il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ağ şəhər bulvarının təməlini qoydu. Həmin bulvar 3 km uzanmaqla Bakı bulvarını dünyanın nəinki ən gözəl, həmçinin ən uzun bulvarına çevirəcəkdir.

Bakı Ağ Şəhər layihəsi çərçivəsində bulvar xəttinin uzadılması ilə yanaşı, Nobel prospekti də öz simasını dəyişəcəkdir. Prospektin yenidən qurulma işləri Bakı Ağ Şəhər Ofis Binasının qarşısında olan və bütün layihənin təməl daşı yerləşən meydançadan başlayır. “Bakı Ağ Şəhər” layihəsinin piyadalar üçün rahat və prioritet hərəkət şəraiti yaradan gəzinti sahələri, küçə və meydanları  şəbəkəsinin davamı olaraq, prospekt eni 20 metrə kimi geniş piyada səkiləri, gözəl ağacları olan şəhər gəzinti bulvarına çevriləcəkdir.

X.Rüstəmov küçəsinin yenidən qurulması nəticəsində, Nobel prospektində iki yeni yeraltı piyada keçidi inşa ediləcəkdir. Layihəyə görə, bu küçənin Nobel prospekti ilə kəsişməsində 4 çıxışı olan yeraltı  piyada keçidinin tikintisi aparılmaqdadır. 

Bakı Ağ Şəhər-in nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində, Xətai metro stansiyasından sonra gələn yeni metro stansiyasının yerləşməsi və çıxışları razılaşdırılmışdır. Həmin stansiyanın olması bu rayonda yaşayan və işləyənlər üçün əlavə rahatlıq yaradacaqdır.     Yeni metro stansiyasının müxtəlif istiqamətlərdə, o cümlədən yeni Fontanlar Meydanının və Ticarət-Əyləncə mərkəzinin lap yaxınlığında 5 çıxışı olacaqdır. Bu çıxışlar piyadaların Nobel prospektindən təhlükəsiz yeraltı keçidini təmin edəcəklər.

Azərbaycan Respublikası Hökumətinin və Bakı şəhər İcra Hakimiyyətinin əlverişli investisiya mühiti üçün yaratdıqları şəraitin nəticəsi olaraq, Bakı Ağ Şəhər-də tikinti işləri eyni zamanda bir neçə rayonda tam sürətlə aparılır.

Yaşıl Ada (Green Hill) rayonunda təmizləmə işləri başa çatmış, layihənin şimal və mərkəz hissələrində isə təmizlənmə işləri yüksək sürətlə davam etdirilməkdədir.

Yaşıl Ada (Green Hill) rayonunda Atkins memarlıq şirkətinin yerli mütəxəssislərlə birgə xüsusi olaraq “Bakı Ağ Şəhər” üçün işləyib-hazırladığı və öz yaşayış şəraitini yaxşılaşdırmaq istəyən şəhər sakinlərinin getdikcə daha çox bəyəndiyi fransız üslublu yaşayış kompleksləri inşa edilməkdədir. Evlər müxtəlif tip və planları olan mənzillərdən ibarətdir – burada standart və daha geniş mənzillər vardır: 2 otaqlı – 90 kv.m., 3 otaqlı – 125 kv.m, 4 otaqlı – 145 kv.m.

Nobel prospektində, Baki Ağ Şəhər-ə girişi bildirən və artıq beynəlxalq memarlıq aləmində geniş tanınmış və hələ layihələndirmə mərhələsində dəfələrlə müxtəlif beynəlxalq sərgilərdə mükafatlara layiq görülmüş Bakı Ağ Şəhər Ofis Binasının tikintisi davam edir.  İcra edilmə mərhələsində isə  Bakı Ağ Şəhər Ofis Binası nüfuzlu beynəlxalq Asia Pacific Property Awards 2013 sərgisində eyni zamanda iki kateqoriyada - Ofis binası və Ofis arxitekrurası nominasiyalarında mükafatlar almışdır. 

Eyni zamanda, Park rayonunun ərazisi aktiv olaraq işlənməkdədir. Ümumi sahəsi 24 ha olan və Bakı Ağ Şəhər-in şərqindən qərbinə keçən yüksəklikdə yerləşən Park Rayonu, orta hündürlüyü 19 mərtəbəyə qədər olan binalar sırası kimi layihələndirilmişdir.  Layihəyə görə, hər bir bina ticarət sahəsi kimi təqdim ediləcək kürsüdə yerləşəcəkdir.

Park Rayonunun bütün inşa edilən yaşayış komplekslərində Bakı Ağ Şəhər-in Baş Planının şərtlərinə əsasən, yeraltı avtodayanacağa enən 1 ədəd yük və 2 ədəd sərnişin lifti, ventilyasiya sistemləri, telekommunikasiya şəbəkəsi üçün şaxtalar, kondisionerlər üçün xüsusi yerlər, yeraltı və yerüstü avtodayanacaqların rahat yerləşməsi və 1 mənzilə 1,2 avtodayanacaq yeri və ticarət obyektilərinin hər 100 kv.metri üçün 3-5 avtodayanacaq yeri  nəzərdə tutlmuşdur.

Tikinti zamanı  həm gözəlliyi, həm də fasadın uzunömürlülüyünü saxlamağa imkan verən müasir mühəndis həlləri tətbiq edilir, keramik materiallardan istifadə olunur. Nizami parkından yuxarıda – dəniz səviyyəsindən 25 metr yüksəkdə yerləşdiyinə görə, rayonun sahilyanı bulvara və Bayraq Meydanına gözəl görüntüsü olacaqdır.  

Fransız üslublu binalardan fərqli olaraq, bu evlər daha geniş planlaşdırılmışdır: məsələn, 3 otaqlı mənzillər – 160 kv.metr, 4 otaqlılar – 190 kv.metr və s.

Yenidən qurulmadan sonra ən qədim parklardan biri olan Nizami Parkı şəhərin ən gözəl parklarından birinə çevriləcəkdir.

Yeni bulvar xəttinin və Nobel prospektinin abadlaşdırılmasının və yenidən qurulmasının məntiqi sonu - Mərkəzi İş Rayonunu və Fontanlar Rayonunu layihənin sahilyanı hissəsindəki Ticarət-Əyləncə Mərkəzi və yeni bulvar ilə birləşdirən və onun əsas bəzəyi və strateji hissəsi olan piyada körpüsüdür. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər Planı”nın təsdiq edilməsinə dair Sərəncamı çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər şəhərsalma layihəsi ekoloji yönümlülüyü, davamlılığı və bütövlüyü ilə seçilməklə ən iri miqyaslı şəhərsalma layihələrindən biri kimi professionallar arasında nüfuz qazanmışdır.

Bakı Ağ Şəhər layihəsi dəfələrlə böyük beynəlxalq sərgilərdə, o cümlədən Cityscape Global 2011 (Dubay) və MIPIM Asia 2011 (Honq-Konq) sərgilərində müvafiq olaraq, “Ən yaxşı şəhərsalma layihəsi” və “Gələcəyin ən yaxşı layihəsi”  nominasiyalarında birincilik əldə etmişdir.

BAKI AĞ ŞƏHƏR layihəsinin baş məsləhətçisi rolunda mühəndis layihələndirilməsi sahəsində dünyanın tanınmış beynəlxalq şirkəti Atkins (Böyük Britaniya) çıxış edir. Layihə üzərində işə Azərbaycanlı mütəxəssislərlə yanaşı, əsası əfsanəvi Norman Foster tərəfindən qoyulmuş məşhur Fosters and Partners  arxitektura şirkəti və kommersiya məkanlarının işlənilməsində böyük təcrübəyə malik Amerikanın F+A Architects arxitektura bürosu da cəlb olunmuşlar.