Media

BAKI AĞ ŞƏHƏR layihəsi çərçivəsində UNStudio beynəlxalq memarlıq şirkəti Bankın Baş Ofisinin layihələndirilməsinə başlamışdır

UNStudio beynəlxalq memarlıq şirkəti tərəfindən Bakı Ağ Şəhər layihəsi çərçivəsində Azərbaycan banklarından birinin baş ofisinin layihələndirilməsinə başlanmışdır. Layihə sənədlərini, o cümlədən konstruksiya və mühəndis kommunikasiyalarını Azərbaycan mütəxəssisləri hazırlayacaqdır.

Layihə üçün ayrılmış ərazi Nobel prospektində, tikilməkdə olan BAKI AĞ ŞƏHƏR Ofis Binası ilə üzbəüz yerləşir. 7 mərtəbədən ibarət bank binasının 10 000 kv.m  faydalı sahəsi və 265 yerlik parkinqi olacaqdır. İnkişaf etməkdə olan yerli banklar tərəfindən baş ofislərin rahat infrastrukturuna – münasib giriş-çıxış yolları və əlverişli ətraf şəraitə artan tələbatı nəzərə alaraq, yaxın binaların layihələndirilməsi barədə də razılıq əldə edilmiş və beləliklə, Bakı şəhərində banklar rayonunun yaradılmasına başlanılmışdır.

UNStudio şirkəti innovasiyalı arxitektura sahəsində dünya liderləri sırasındadır. Ştutqard şəhərindəki Mersedes Benz muzeyi, Amstredamdakı UNStudio Ofis Binası, Frankfurtdakı Grand Hyatt oteli, Çin Milli İncəsənət Muzeyi, Sinqapur Texnologiya və Dizayn Universiteti, Nyu-Yorkdakı Columbia Business Məktəbi və Five Franklin Place yaşayış binası kimi məşhur layihələrin müəllifi olan UNStudio şirkəti, Amsterdamda və Şanxayda yerləşən ofisləri vasitəsilə dünyanın hər yerində çox tanınmış layihələr həyata keçirir. Şirkətin fəaliyyəti barədə daha ətraflı məlumatı www.unstudio.com internet səhifəsində əldə etmək olar.

Bakı Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” çərçivəsində həyata keçirilir. Layihə barədə ətraflı məlumat  www.bakuwhitecity.com vebsaytında yerləşdirilmişdir.