Media

Dubay Əmiri Administrasiyasının rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti "Bakı Ağ şəhər" layıhəsinin investisiya imkanları ilə tanış olmuşdur

Aprelin 19-da Azərbaycanda səfərdə olan Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay investisiya korporasiyasının baş icraçı direktoru, Dubay Bankının sədri, Dubay İslam Bankının idarə heyətinin sədri Məhəmməd Əl Şaybaninin rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı Ağ şəhər” layıhəsinin   investisiya imkanları ilə tanış olmuşdur.
 

“Bakı Ağ şəhər” layihəsinin baş direktoru Ruslan Sadıxov layihə üzrə görülən və görüləcək işlər barədə qonaqlara məlumat vermiş, “Bakı Ağ şəhər”in dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri beynəlxalq layihələrdən biri olduğunu qonaqların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir yaşayış mərkəzi yaradılacaqdır. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaqdır. “Bakı Ağ şəhər”də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaqdır.

Qonaqların diqqətinə diqər layihələr də təqdim olunmuşdur.Təqdim olunan investisiya layihələri Dubay deleqasiyasının böyük maraqına səbəb olmuşdur.

 “Sizin doğrudan da valehedici ölkəniz vardır.” – bunu  jurnalistlərə müsahibəsində Dubay Əmiri Administrasiyasının rəhbəri Məhəmməd Əl Şaybani bildirmişdir. Daha sonra o demişdir: “ Əlbəttə ki, biz Azərbaycana investisiya yatırmağı nəzərdən keçirəcəyik. Buraya səfər etməyimiz sizin ölkəyə olan marağımızın göstəricisidir. Biz düşünməzdik ki, burada belə sürətli inkişaf vardır. Bu, Azərbaycanın uğurudur. “Bakı Ağ şəhər” layihəsinə gəldikdə isə, bizim şəhərsalma sahəsində böyük təcrübəmiz vardır. Bu layihə çox möhtəşəmdir. Azərbaycanın turizm imkanları haqqında da çox eşitmişik. Ölkənizin turizm potensialı ilə daha yaxından tanış olmaq üçün səfərimizin proqramını dəyişmişik. Bu isə, Azərbaycanın böyük turizm potensialına malik olması ilə əlaqədardır. Ona görə də Azərbaycanın digər şəhərlərinə də səfər edəcək, turizm imkanlarını araşdıracağıq. O ki qaldı layihələrə, biz təqdim olunan investisiya layihələrini təhlil edəcək və hansı sahəyə sərmayə qoyacağımız barədə qərar verəcəyik”

Bakı Ağ Şəhər layihəsi  «Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı»ın təsdiq olunması haqqında  Azərbaycan Respublikasının Prezidentinin Fərmanı  çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az. saytından əldə etmək olar.