Media

Ağ Şəhər yeni yaşayış kvartalının təhvilinə hazırlaşır

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün  Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər layihəsi ötən ilin sonunda Yaşıl Ada kvartalının ilk məhəllələrini vətəndaşlara təhvil verdi. Rahatlığı və müasir yaşayış standartlarına cavab verməsi ilə seçilən Paris evlərinin ilk sakinləri mənzillərində məskunlaşmışdır.

2017-ci ildə də Bakı Ağ Şəhərdə böyük həcmdə tikinti, quraşdırma və abadlıq işləri görülüb, neft tullantıları ilə çirklənmiş sahələrin təmizlənməsi yekunlaşıb. Hazırda Ağ Şəhərin ərazisinə görə ən böyük olan Babək kvartalının Qərb hissəsində tikinti işləri başa çatır. Burada layihələndirilmiş 7 mərtəbəli klassik üslublu Paris evlərinin tikintisi tamamlanmışdır, və hazırda abadlıq-quruculuq və yaşıllaşdırma işləri yekunlaşır.

Orta hündürlüyü olan binalarla layihələndirilmiş bu sakit rayon yaşayış üçün ideal məkandır. Burada sakinlərin rahatlığı və dolğun istirahətləri üçün hərtərəfli şərait yaradılır. Məhəllələrdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası, yerüstü və yeraltı avtodayanacaq mövcuddur. Məhəllələrin təhlükəsizliyi də kameralar vasitəsilə diqqətdə saxlanılır. Paris evlərində dayanıqlı elektrik enerjisi, su, qaz, kanalizasiya xətləri, internet və İPTV xətləri əlaqədar qurumlar tərəfindən çəkilir.

Ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Ağ Şəhər – 2” elektrik yarımstansiyası inşa edilir və “Ağ Şəhər – 1”  yarımstansiyası ilə bir halqaya qoşulması nəzərdə tutulur.

Layihə çərçivəsində həmçinin Xaqani Rüstəmov, Süleyman Vəzirov, Mərkəzi Bulvar küçələrinin və onlarla kəsişən bir neçə küçənin əsaslı şəkildə yenidənqurma işləri, ərazidə yeni yeraltı piyada keçidinin tikintisi yerinə yetirilmişdir.

Bakının iki əsas prospektini  - Babək və Nobel prospektlərini və Mərkəzi Bulvar küçəsini birləşdirəcək, Ağ Şəhər bulvarına qədər uzanan Xəqani Rüstəmov küçəsinin yenidənqurması tamamlanıb. Ağ Şəhər-in əhəmiyyətli küçələrindən sayılan Süleyman Vəzirov və layihənin mərkəzindən keçən Mərkəzi Bulvar küçələri də əsaslı şəkildə yenidənqurulur. Küçələrdə kanalizasiya xətləri ilə yağış suları ötürücüləri çəkilib. Bu küçələr Ağ Şəhərin təkrarolunmaz üslubunu əks etdirən xüsusi detallarla bəzənir. Küçələrin adları səkilərdə daş nişanlarla qeyd edilib. Vətəndaşların rahatlığı üçün burada yol göstəriciləri və xəritələr quraşdırılır. Yollarda piyadalar, əlillər və xüsusi qayğıya ehtiyacı olanlar üçün ilk dəfə piyadanın üstünlüyünü qeyd edən yüksəldilmiş piyada keçidləri təmin edilmişdir. Avtomobillər üçün xüsusi dayanacaq yerlərinin olması piyadaların təhlükəsiz və sərbəst gediş-gəlişinə imkan verir.

Xaqani Rüstəmov, Süleyman Vəzirov, Mərkəzi Bulvar küçələrinin kəsişməsində yeni özünəməxsus dizaynlı dairə də inşa olunub. Diametri 65 metr olan bu dairə Ağ Şəhərə layihənin qərb hissəsindən girişi təcəssüm edir.

Dairədən Mərkəzi Bulvar küçəsi istiqamətində şəhər sakinlərinin dincəlməsi və uşaqların əyləncəsi üçün bağ salınır. 6800 kvadrat metr sahəsi olan bağ üçün xüsusi işlənilmiş landşaft dizaynına uyğun olaraq müxtəlif ağaclar əkilir, uşaqların əyləncəsi üçün oyun meydançası salınır. Ağ Şəhər ərazisində illər boyu bitən ağaclar köçürülərək bu bağda əkilir, beləliklə əski ağaclara yeni həyat verilir. Burada çinli heykəltəraş Liu Yangın əsəri olan “Xəzər dənizi” heykəli qoyulmuşdur. Heykəl 2017-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş "Daşın nəğməsi" ikinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində təqdim olunmuşdur.

İllər keçdikcə Bakı Ağ Şəhər ərazisində görülmüş kompleks tədbirlər tədricən Qara şəhəri tarixə çevirərək buranı şəhərimizin müasir mərkəzlərindən biri edir.