Media

Hindistanlı iş adamları Bakı Ağ Şəhər layihəsilə tanış oldular

Bakıda keçirilən "Azərbaycan–Hindistan tikinti biznes-forumu" çərçivəsində ölkəmizdə səfərdə olan Hindistanın Marathi Bandhkam Vyasayik Assosiasiyasının (Maratha Tikinti Biznesi Assosiasiyasının) şirkətlərinin üzvləri Bakı Ağ Şəhər layihəsini ziyarət edib.

Xarici qonaqlara layihə ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, uzun illər neft məhsulları ilə çirklənmiş “Qara şəhər” kimi tanınan ərazi ekoloji cəhətdən tamamilə təmizlənib, və yeni inkişaf layihəsinə uyğun olaraq burada beynəlxalq səviyyədə ən müasir böyük yaşayış mərkəzi yaradılır, inzibati və kommersiya obyektləri, istirahət və turizm mərkəzləri tikilir.

Nümayəndə heyətinin başçısı Biznes Assosiasiyasının prezidenti Gajendra Pavar Ağ Şəhər layihəsinin Hindistanlı iş adamlarında böyük maraq doğurduğunu deyib. Cənab Pavar qeyd edib ki, Hindistan nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycanda tikinti sektoru ilə tanış olmaqdır və heyət iki ölkə arasında investisiya əlaqələrini genişləndirmək niyyətindədir.