Media

Bakı Ağ Şəhər layihəsi ilk dəfə olaraq Xəzər Neft və Qaz 2011 sərgisində nümayiş olunacaq

Bakı Ağ Şəhərin üstünlükləri, həmçinin layihənin investisiya imkanları geniş ictimaiyyətə ilk dəfə olaraq 7-10 iyun tarixlərində Xəzər Neft və Qaz 2011 sərgisində nümayiş olunacaq.

 

Şəhərsalma layihəsinin  Xəzər Neft və Qaz 2011  neft sərgisində iştirakı təsadüfi deyil. Bakı Ağ Şəhər layihəsi  100 ildən artıq  müddət ərzində «qara qızılın» emalı, saxlanması və daşınması üzrə fəaliyyət göstərərək, Bakının  neft sənayesində mühüm rol oynamış  və  Qara Şəhər kimi tanınan sənaye zonasının ərazisində həyata keçiriləcək.

 

Bakı Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Fərmanının icrası çərçivəsində həyata keçirilir. Bu fərmanın icrası çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərdən kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması  üzrə addımlar atılmışdır.

 

 Xəzər Neft və Qaz 2011 sərgisinə gələnlər sərginin ən əsas iştirakçılarından biri - Bakı Ağ Şəhər  layihəsinin 2410 nömrəli stendində  onun 1:500 miqyasda hazırlanmış modeli ilə yaxından tanış olacaqlar. Bundan başqa, Bakı Ağ Şəhər haqqında daha ətraflı məlumat  sərginin xüsusi kataloqu, buklet və digər  təqdimat materiallarında təqdim olunacaqdır. 

Layihə barədə geniş məlumatı www.bakuwhitecity.az  saytından əldə etmək olar.