Media

Xaqani Rüstəmov küçəsi əsaslı şəkildə yenidənqurulur

Bakı Ağ Şəhər layihəsi çərçivəsində Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidənqurulması işləri həyata keçirilir. Ümumi uzunluğu 1400 metr olacaq küçənin 1025 metrlik hissəsində qazma-dolma və torpaq işləri görülür.

Əsaslı yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının əsası tikilir. Xaqani Rüstəmov küçəsinidə yol geyiminin qalınlığının 79 sm olması nəzərdə tutulub. Bundan 27 sm əhəngdaşı, 25 sm qum-çınqıl və 27 sm asfalt-beton örtükdür.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC küçənin əsaslı yenidənqurulması işlərini kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan digər qurumlarla birgə aparır. Birgə görülən kompleks tədbirlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq.

Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçə 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Xaqani Rüstəmov küçəsinin eni 45 m, ayrıcı zolağın eni 3 m, səkinin eninin isə bəzi yerlərdə 4,5 m olması nəzərdə tutulub.

Xaqani Rüstəmov küçəsi qərbdən Ağ Şəhərin Yaşıl Ada rayonunun ərazisini əhatə edir. Bu küçənin abadlaşdırılması ərazinin ilk sakinlərinin rahat yaşamasına yardım edəcək, həmçinin onların Bakı Ağ Şəhər-in daxilində və xaricində ayrı-ayrı obyektlərə asan çıxışını təmin edəcək.

Bakı Ağ Şəhər layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Xaqani Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçələrinin kəsişmələrində yeraltı piyada keçidlərinin tikintisi işləri də aparılır. 2 ədəd keçidin hər birinin uzunluğu 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 16 ədəd eskalatorla təmin olunacaq.

Ümumilikdə Bakı Ağ Şəhər layihəsinə uyğun olaraq 27,3 km yeni avtomobil yolu tikilməlidir. Şəhər əhəmiyyətli küçələrin 2-6-8 hərəkət zolaqlı olması planlaşdırılır. Yollarda hərəkət zolaqların enininin 3,5 m, ayrıcı zolağın eninin 2-4 m, yol örtüyünün isə polimer asfalt-beton olması nəzərdə tutulub.

//Trend

Bakı Ağ Şəhər